Fevralın 24-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi və pedaqoq Abdulla Şaiqin (1881–1959) anadan olmasının 145-ci ildönümü münasibətilə Fəxri xiyabandakı məzarı ziyarət edilib.
Bu bərədə Abdulla Şaiqin Mənzil-Muzeyindən məlumat verilib.
Ziyarət zamanı ədibin məzarı önünə gül dəstələri düzülüb, onun Azərbaycan ədəbiyyatına və milli maarifçilik tariximizə bəxş etdiyi misilsiz töhfələrdən bəhs olunub.
Muzeyin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə Abdulla Şaiqin yalnız qüdrətli qələm sahibi kimi deyil, həm də milli düşüncənin, ana dilinin və vətənpərvərlik ruhunun yorulmaz təbliğatçısı kimi xalqımızın yaddaşında yaşadığını söyləyib. Qeyd edib ki, onun zəngin ədəbi irsi bu gün də öz aktuallığını qoruyur, xüsusilə gənc nəslin mənəvi tərbiyəsində, milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır.
Ülkər Talıbzadə babasının uşaqlarla necə böyük səbir və sonsuz məhəbbətlə işləməsindən söz açıb. Bildirib ki, Abdulla Şaiq ömrünü xalqın maariflənməsinə və milli-mənəvi dəyərlərin yaşamağına həsr etmiş böyük şəxsiyyət idi.
Ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir çıxış edərək Abdulla Şaiqin şeirləri ilə böyüdüyünü, onun əsərlərinin uşaqlıq və gənclik illərində dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib. Vurğulayıb ki, ədibin yaradıcılığı insanda vətənə, ana dilinə və milli-mənəvi dəyərlərə sevgi aşılayır.
Digər çıxış edənlər də Abdulla Şaiq yaradıcılığından söz açıblar.
Tədbirin bədii hissəsində ədibin adını daşıyan 54 nömrəli tam orta ümumtəhsil məktəbin və “Vətən” yaradıcılıq dərnəyinin gənc istedadları Abdulla Şaiqin şeirlərini söyləyiblər.






















