Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilən yenilənmiş memorial zalın açılışı olub.
Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn zal Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın həyat və fəaliyyət yolunu müasir təqdimat vasitələri ilə əks etdirən ekspozisiya məkanı kimi yenidən qurulub.
Mərasimdə mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın fəaliyyəti bu gün və gələcək nəsillər üçün mühüm mənəvi istiqamət rolunu oynayır. Bu irsin müasir təqdimat formaları ilə gələcək nəsillərə çatdırılması, o cümlədən muzey müstəvisində təqdim olunmasıı həm milli yaddaşın yaşadılması, həm də cəmiyyətin mənəvi zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir bədii hissə ilə davam edib.
Əməkdar artist İlham Nəzərov (vokal) və Xalq artisti Ülviyyə Hacıbəyovanın (piano) ifasında Ulu öndərin sevdiyi Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Sonra qonaqlar Heydər Əliyevin və Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zal ilə tanış olublar.
Memorial zalda Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin əsərləri vasitəsilə bu iki böyük şəxsiyyətin həyat və fəaliyyətinə bədii baxış təqdim olunur. Ekspozisiyada Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarovun “Elegiya” və “Heydər Əliyevin büstü” əsərləri nümayiş olunur.
Zalda həmçinin Xalq rəssamı Tahir Salahovun “Ulu Öndər Heydər Əliyevin portreti”, Oqtay Sadıqzadənin “Akademik Zərifə Əliyevanın portreti” kimi sənət nümunələri yer alır.
Ekspozisiyanın mühüm hissəsini Ümummilli Liderin Azərbaycan mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, sərgi və tədbirlərdə iştirakını əks etdirən nadir foto və sənəd materialları təşkil edir.
Ziyarətçilərə daha dolğun və interaktiv təqdimat məqsədilə memorial zal iriölçülü monitorlarla təchiz olunub. Bu, qonaqlara foto və videomateriallar, sənədli süjetlər və arxiv görüntüləri ilə tanış olmaq imkanı yaradır.

























