Bakı Xoreoqrafiya Akademiyasının magistratura pilləsinin I kurs tələbəsi Nəzrin Nadim qızı Adıyeva Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının dəvəti ilə Astana şəhərində keçirilən Gənc Xoreoqrafların Beynəlxalq Festival-Müsabiqəsində iştirak edərək “Xoreoqrafiya sənətində milli ənənələrin qorunub saxlanmasına görə” xüsusi mükafata layiq görülüb.
Gənc xoreoqraf medeniyyet.info.az saytına müsahibəsində beynəlxalq festival təcrübəsi, milli rəqs ənənələrinin səhnə interpretasiyası və gələcək yaradıcılıq planları barədə danışıb.
– Nəzrin xanım, ilk olaraq sizi beynəlxalq festival-müsabiqədə qazandığınız uğur münasibətilə təbrik edirik. Bu müsabiqədə iştirakınız peşəkar inkişafınız baxımından hansı əhəmiyyət daşıdı?
– Təşəkkür edirəm. Astana şəhərində keçirilən bu beynəlxalq festival-müsabiqədə iştirak etmək mənim üçün çox dəyərli təcrübə oldu. Müxtəlif ölkələrdən gələn gənc xoreoqrafların işlərini izləmək, onların səhnə yanaşmaları və quruluş prinsipləri ilə yaxından tanış olmaq peşəkar dünyagörüşümün genişlənməsinə mühüm təsir göstərdi. Bu festival yalnız yaradıcılıq platforması deyil, həm də beynəlxalq mədəni dialoq mühiti idi.
– Festival çərçivəsində təqdim etdiyiniz quruluşun əsas ideya və bədii konsepsiyası nədən ibarət idi?
– Quruluş zamanı əsas məqsədim klassik rəqs estetikası ilə Azərbaycan milli-mədəni elementlərinin harmonik sintezini yaratmaq idi. Xüsusilə milli adət-ənənələrimizi əks etdirən jestlər, əl hərəkətləri və səhnə pozalarının düzgün interpretasiyasına xüsusi diqqət yetirdim. Mənim üçün vacib olan milli ruhu qorumaqla yanaşı, onu müasir səhnə dili vasitəsilə təqdim etmək idi.
– Bildiyimizə görə, quruluş zamanı “Qız qalası” baletinin musiqisindən istifadə olunub. Bu seçim hansı yaradıcı zərurətdən irəli gəlirdi?
– Bəli, quruluşda Əfrasiyab Bədəlbəyli tərəfindən 1940-cı ildə bəstələnmiş “Qız qalası” baletindən istifadə etmişik. Bu əsər Azərbaycan balet sənətinin ən mühüm nümunələrindən biridir və onun musiqisində milli kolorit, emosional dərinliy və dramaturji xətt çox aydın hiss olunur. Düşünürəm ki, həmin musiqi tamaşaçılarda xüsusi emosional təsir yaratdı və zalda olan hər kəsin diqqətini cəlb etdi.
– Səhnə işinin hazırlanması prosesi hansı çətinliklərlə müşayiət olunurdu?
– Ən böyük çətinlik məhdud zaman ərzində həm texniki, həm də bədii baxımdan dolğun quruluş hazırlamaq idi. Lakin bu prosesdə Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru və rektor vəzifəsini icra edən, Azərbaycan Respublikasının Əməkdar artisti Nailə xanım Məmməd-Zadənin dəstəyi mənim üçün çox önəmli oldu. O, həm düzgün musiqi seçimi, həm də klassik və milli elementlərin sintezində mənə dəyərli tövsiyələr verdi.
– Bu uğurun əldə olunmasında iştirak edən kollektiv haqqında nə deyə bilərsiniz?
– Mən bu mükafatı təkcə şəxsi uğur kimi deyil, komandamızın birgə əməyinin nəticəsi kimi qiymətləndirirəm. Bakı Xoreoqrafiya Akademiyasının kollec pilləsində təhsil alan Elmira Ələkbərova, Məryəm Əliyeva, Ayan Atakişiyeva və IX sinif şagirdi Günel Əliyeva quruluş verdiyim rəqsdə böyük məsuliyyət və peşəkarlıqla iştirak etdilər. Onların səhnə intizamı və ifa mədəniyyəti təqdimatın uğurlu alınmasında mühüm rol oynadı.
– Festival çərçivəsində keçirilən master-klasslar və beynəlxalq təcrübə mübadiləsi sizin üçün hansı imkanlar yaratdı?
– Mənim üçün ən maraqlı məqamlardan biri müxtəlif xalqların rəqs ənənələrini daha dərindən öyrənmək oldu. İtaliya, Rusiya, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və Qazaxıstandan olan mütəxəssislərin master-klasslarında iştirak etdim. Hər bir xalqın özünəməxsus ritmik düşüncə tərzi, plastik ifadə sistemi və səhnə mədəniyyəti ilə tanış olmaq mənə yeni bilik və yaradıcı baxış qazandırdı.
– Milli rəqs ənənələrinin beynəlxalq platformalarda təqdim olunmasını necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, milli rəqs sənətinin beynəlxalq səviyyədə təqdim olunması mədəni diplomatiyanın mühüm istiqamətlərindən biridir. Hər bir xalqın tarixini, estetik düşüncə tərzini və mənəvi dəyərlərini rəqs vasitəsilə nümayiş etdirmək çox önəmlidir. Azərbaycan milli rəqslərinin zənginliyi və ifadə imkanları beynəlxalq auditoriyada böyük maraq doğurur və bu irsi layiqincə təqdim etmək bizim əsas vəzifələrimizdən biridir.
– Bu nailiyyət sizin gələcək fəaliyyətinizə hansı motivasiyanı verir?
– Bu uğur mənim üçün böyük stimul və məsuliyyətdir. Gələcəkdə də milli xoreoqrafiya sənətimizin inkişafına töhfə vermək, yeni səhnə quruluşları hazırlamaq və Azərbaycan rəqs mədəniyyətini beynəlxalq layihələrdə təmsil etmək istəyirəm. Eyni zamanda elmi və pedaqoji istiqamətdə də fəaliyyətimi inkişaf etdirməyi planlaşdırıram.
– Sonda bu uğur yolunda sizə dəstək olan şəxslərə nə demək istərdiniz?
– İlk növbədə mənə inanan və hər zaman dəstək göstərən Nailə xanım Məmməd-Zadəyə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda müəllimlərimə, səhnə yoldaşlarıma və Bakı Xoreoqrafiya Akademiyasına təşəkkür edirəm. Bu etimad və dəstək mənim üçün çox dəyərlidir və gələcək fəaliyyətimdə daha məsuliyyətli çalışmağa motivasiya verir.
























