Qarabağ Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları arasında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilib.
Bu barədə regional idarədən məlumat verilib.
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bilik yarışı Ümummilli liderin zəngin irsinin təbliğ edilməsi, qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin və incəsənətinin dərindən öyrənilməsi, mədəniyyət sahəsində çalışan işçilərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə təşkil edilib.
Yarış seçim (yerli) və final olmaqla iki mərhələdən ibarət olub.
Seçim mərhələsini (1 may) keçən komandalar mayın 7-də final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Ümumilikdə 8 rayon üzrə 8 komandanın iştirak etdiyi final mərhələsində Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və ümumi dünyagörüşünə aid suallar cavablandırılıb.
Cavablar RMİ-nin təşkil etdiyi komissiya tərəfindən qiymətləndirilib.
Yarış iştirakçıları və tamaşaçıların istirahətinin təmin olunması və tədbirin daha maraqlı keçməsi üçün fasilələr zamanı musiqi nömrələri təqdim olunub.
Yekunda düzgün cavabların sayına uyğun olaraq qalib komandalar müəyyən edilib.
1-ci yeri Bərdə rayonu mədəniyyət işçilərinim "Zəka" komandası, 2-ci yeri Şuşa rayonunun "Şuşa qalası" komandası, 3-cü yeri Ağcabədi rayonunun "Qaliblər" komandası tutub.
Birinci olan komandaya kubok və fəxri fərman, ikinci və üçüncü yerlərə görə fəxri fərman, digər komandalara isə iştiraka görə təşəkkürnamə təqdim olunub.

























