Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının (World Nomad Games) açılış mərasimi keçirilib. Oyunlarda ölkəmiz də təmsil olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimdə iştirak ediblər.
Mərasimə BMT-nin baş katibi Antoniu Quterreş və 10-dan çox ölkənin dövlət və hökumət başçıları qatılıb. Qeyd edək ki, liderlər sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edəcəklər.
***
Dünya Köçəri Oyunları ilk dəfə Qırğızıstanın təşəbbüsü ilə 2014-cü ildə təşkil olunub. Bu ölkə 2016-cı və 2018-ci illərdə ikinci və üçüncü Oyunlara da ev sahibliyi (Çolpon-Ata şəhəri) edib. 2020-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan 5-ci Dünya Köçəri Oyunları pandemiya səbəbindən ertələnib və 2022-ci ildə (Bursa şəhəri) gerçəkləşib. 2024-cü ildə növbəti Oyunlara Qazaxıstan (Astana) ev sahibliyi edib.
Beləliklə, səkkiz il aradan sonra Dünya Köçəri Oyunları Qırğızıstana qayıdıb.
Qədim mədəni irsi və milli idman növlərini bir araya gətirən bu təşəbbüs köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirəcək bu Oyunlar çərçivəsində köçəri xalqların tarixən formalaşdırdıqları ənənəvi qədim idman növləri, o cümlədən atçılıq, güləş, oxatma və digərləri üzrə yarışlar təşkil ediləcək.
Sentyabrın 6-dək davam edəcək 6-cı Dünya Köçəri Oyunlarının “Bişkek Arena”dakı açılış mərasimindən sonra əsas yarışlar İssık-Kul vilayətində, əsasən Çolpon-Ata şəhərində keçiriləcək.
Yarışlarda 100-dək ölkə təmsil olunacaq. Rəsmi proqramda 43 etnosport və ənənəvi idman növünün yer alması tədbirin miqyasını və rəngarəngliyini nümayiş etdirir.
Azərbaycan VI Dünya Köçəri Oyunlarında 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Heyətə 10 idmançı, 6 məşqçi və 1 nümayəndə daxildir.
Ölkəmizi 10 idmançı 9 idman növündə (alış, qırğız kuroş, quştinqiri, güləş, pəhləvan güləşi, qazax kuresi, qoreş, mas-restlinq, manqala) təmsil edəcək.
***
Xatırladaq ki, 2024-cü ilin 8–13 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən 5-ci Dünya Köçəri Oyunlarında 89 ölkə təmsil olunmuş, 21 etnoidman növü üzrə yarışlar keçirilmişdi.
Medal əyarı və sayına görə də ilk üç yeri Qazaxıstan (43-ü qızıl olmaqla 112 medal), Qırğızıstan (65 medal, o cümlədən 19 qızıl) və Rusiya (49 medal, 12 qızıl) komandaları tutmuşdu. Azərbaycan 8 idman növü (54 idmançı) ilə təmsil edilmiş və 7 medalla (2 gümüş, 5 bürünc) 21-ci olmuşdu.
Onu da qeyd edək ki, 2028-ci ildə növbəti Dünya Köçəri Oyunları Rusiya Federasiyasında, Tatarıstanın paytaxtı Kazanda keçiriləcək.




























