“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritetləri çərçivəsində regionlarda çalışan mədəniyyət işçilərinin peşəkar inkişafına və motivasiyasının artırılmasına yönəlmiş motivasiya keçirilib.

“Mədəniyyət işçilərinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunan düşərgə 26–29 avqust tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən “Kurort” ASC-nin paytaxtın Xəzər rayonundakı Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində baş tutub.

Düşərgənin əsas məqsədi mədəniyyət işçilərinin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin və şəbəkələşmənin gücləndirilməsi, komanda ruhunun formalaşdırılması və əməkdaşların motivasiyasının artırılması olub.

Layihə çərçivəsində təcrübə mübadiləsi və regionlararası əməkdaşlığın genişləndirilməsi xüsusi istiqamət kimi müəyyən edilib.

Dördgünlük proqram çərçivəsində iştirakçılar “Nitq və davranış mədəniyyəti”, “İş mühitində kouçinq yanaşması və inkişafetdirici rəhbərlik”, “Dəyişikliklərin idarə olunması” və “Əmək qanunvericiliyinin aktual məsələləri” mövzularında təlimlərdə iştirak ediblər.

Həmçinin “Xəmsə” və “Breyn-rinq” intellektual oyunları, poeziya dəqiqələri, canlı musiqi və film nümayişləri təşkil olunub. Bu fəaliyyətlər iştirakçıların həm yeni biliklər əldə etməsinə, həm də qeyri-formal mühitdə bir-biri ilə ünsiyyət quraraq təcrübə mübadiləsi aparmasına imkan yaradıb.