Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bolqarıstana səfəri çərçivəsində bu ölkənin Elmlər Akademiyasının (EA) rəhbəriyi ilə görüşüb.

AMEA-dan bildirilib ki, Bolqarıstan EA-nın prezidenti Evelina Slavçeva və Rəyasət Heyətinin üzvləri ilə görüşdə danışıqların əsas mövzusunu ikitərəfli münasibətlərin genişləndirilməsi və iki ölkə üçün prioritet sahələrdə birgə elmi layihələrin həyata keçirilməsi təşkil edib. Əsas diqqət mərkəzində memarlıq, arxeologiya, etnologiya, folklor, incəsənət tarixi və digər humanitar sahələrdə birgə işlərin icra edilməsi olub.

Görüş zamanı akademiyalar arasındakı mövcud çərçivə sazişinin yenilənməsi və əməkdaşlıq haqqında yeni sənədin imzalanması barədə razılığa gəlinib.

Bundan başqa, akademik İsa Həbibbəyli Azərbaycan və Bolqarıstan Elmlər akademiyalarının ortaq layihəsi kimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Şəki Regional Elmi Mərkəzi tərəfindən hazırlanmış “Qabrovo yumoru və Şəki gülüşü” kitabını Bolqarıstan EA Rəyasət Heyətinin üzvlərinə təqdim edib.

Bolqarıstan EA-nın vitse-prezidenti professor Emanuel Mutafov və Biomüxtəliflik, Bioresurslar və Ekologfiya Departamentinin elmi katibi professor İna Aneva çıxış edərək ortaq elmi layihələrin genişləndirilməsinin əhəmiyyətindən və perspektivlərindən bəhs ediblər.

Akademik İsa Həbibbəyli Bolqarıstan EA-nın Ədəbi Tədqiqatlar İnstitutunun, Etnologiya və Folklor İnstitutunun, Akademkitabın iş təcrübəsi ilə də tanış olub, Etnologiya və Folklor İnstitutunun təşkil etdiyi “Kosmoqoniya: mifologiyadan kosmonavtikayadək” sərgisinə baxıb.