Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul yüksək nəticə ilə yekunlaşmaq üzrədir.

Universitetdən bildirilib ki, bakalavriat səviyyəsində ümumilikdə 2565 plan yeri ayrılıb. Əsas qəbul mərhələsinin nəticələrinə əsasən, plan yerlərinin 2537-si dolub. Beləliklə, AzMİU üzrə qəbul planının 98,91 faizi yerinə yetirilib.

Boş qalan 28 yer isə iki ixtisasın payına düşüb. Bunlar kommunikasiya sistemləri mühəndisliyi və 2026/2027-ci tədris ilindən tədrisinə başlanılan daşınmaz əmlakın idarə edilməsi ixtisaslarıdır. Hər iki ixtisas müasir əmək bazarının tələbləri baxımından aktual istiqamətlər hesab olunur. Xüsusilə daşınmaz əmlakın idarə edilməsi ixtisası üzrə kadr hazırlığının AzMİU ilə Ankara Universiteti arasında həyata keçiriləcək ikili diplom proqramı çərçivəsində aparılması nəzərdə tutulur. Proqram tələbələrə hər iki universitetin akademik imkanlarından yararlanmaq və təhsillərini beynəlxalq təcrübə əsasında qurmaq imkanı yaradacaq.

Qəbul nəticələri AzMİU-nun ixtisaslarına abituriyentlər arasında yüksək marağın olduğunu göstərir. Boş qalan 28 plan yerinə əlavə qəbul mərhələsində də abituriyentlər tərəfindən maraq göstəriləcəyi və nəticədə qəbul planının tam yerinə yetiriləcəyi gözlənilir.