Bakıdakı Xətai Sənət Mərkəzində “Azərbaycanım” IX Uşaq və Gənc Art Festivalı çərçivəsində elan olunan “Azərbaycan musiqisi təsviri sənətdə” müsabiqəsinin sərgiləri açılacaq.

Bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, sərgilər 13, 14, 15 may tarixlərində növbəli şəkildə (yaş qrupları üzrə) təşkil olunacaq.

Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Sulu boya cəmiyyətinin Azərbaycan nümayəndəliyi , Xətai Uşaq Sənəti Qalereyası, Xətai Sənət Mərkəzidir. Dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Rəssamlar Birliyidir.

Müsabiqəyə Azərbaycanın müxtəlif şəhər və rayonlarından, eləcə də Türkiyə, Pakistan, Xorvatiya, Rusiya, Bolqarıstan və Moldovadan 100-dən çox yeniyetmə və gənc Azərbaycan musiqi alətləri, Azərbaycan rəqsləri, xalq folkloru, musiqili tariximiz, vətənpərvərlik musiqiləri, xalq, müəllif və uşaq mahnılarına illüstrasiyalar, xəyali musiqi səhnələri təsvir olunan əl işlərini təqdim ediblər.

Seçimlər müəllifin duyğu və düşüncələri nəzərə alınmaqla, mövzu, ölçü, yanaşma, kompozisiya, rəng həlli əsas götürülərək seçim heyəti tərəfindən yaş kateqoriyasına uyğun aparılıb.

Sərgilərdən seçilən hər yaş qrupu üzrə 10 müəllif festivala dəvət alacaq. Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.