F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakı Modern Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə “İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə mərkəzin rəhbəri, psixoloq-konsultant Həcər Soltanova, mərkəzin əməkdaşları, loqoped və psixoloqlar iştirak ediblər.
Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova giriş sözündə bildirib ki, uşaqların inkişafına dəstək məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, həmçinin oxu terapiyası metodlarından istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Vəkil Rəsul Hüseynov çıxışında Uşaq Hüquqları Haqqında Konvensiyanın əsas prinsipləri – ləyaqət və bərabərlik, ailənin rolu, xüsusi müdafiə, habelə sağlamlıq imkanları məhdud uşaqların təhsili məsələləri barədə ətraflı məlumat verib.
Həkim-genetik Azadə Əliyeva “Autizm nədir?” mövzusunda çıxış edərək autizmli uşaqların cəmiyyətdəki fərqliliyi, onların dəstəklənməsi yollarını müzakirəyə çıxarıb.
“Ting” nəşriyyatının rəhbəri, yazıçı-naşir Çinarə Köçərli autizmli uşaqların ev şəraitində təliminə dair kitablar təqdim edərək bu sahədəki mövzulara toxunub.
Tədbir maarifləndirici xarakter daşıyıb, iştirakçılar tərəfindən inklüziv cəmiyyətin qurulmasında hüquqi, psixoloji və pedaqoji dəstəyin əhəmiyyəti vurğulanıb.



















