Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Müasir Azərbaycanın qurucusu – Ulu öndər Heydər Əliyev” adlı tədbir təşkil edilib.
Kitabxanadan bildirilib ki, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Ümumi dilçilik” kafedrasının müəllimi Qismət Cəfərov, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kitabxananın direktoru Aslan Cəfərov çıxışına Prezident İlham Əliyevin “Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası bugünkü müstəqil Azərbaycandır” sözləri ilə başlayıb. Direktor Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışaraq, müxtəlif dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müstəqil ölkəmizin bugünkü nailiyyətlərinin, Şanlı qələbəsinin Heydər Əliyev strategiyasının təntənəsi olduğu və Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili Heydər Əliyevin vətəni, xalqı üçün doğulduğunu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdığını, müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ucaldığını söyləyib.
Qismət Cəfərov qeyd etdi ki, Heydər Əliyev Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Bildirilib ki, Ulu Öndər ana dilini xalqın milli-mənəvi sərvəti, milli kimliyinin əsas atributu hesab edir və onun saflığının qorunmasını hər bir azərbaycanlının vətəndaşlıq borcu kimi dəyərləndirirdi.
Tədbirdə kitabxana əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı təqdimat nümayiş olunub.






















