Mayın 8-də Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə birgə “Tarixdə iz, xatirələrdə işıq” mövzusunda tədbir keçirilib.

Bu barədə kitabxanadan məlumat verilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov Ümummilli liderin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən və ölkəmizə layiqincə rəhbərlik etməsindən danışıb.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə qeyd edib ki, Ulu öndər ömrünü dövlətin bütövləşməsi, xalqın suverenliyi və azadlığına həsr edib.

Milli Məclisin deputatları Asif Əsgərov, Elnarə Akimova, Aydın Mirzəzadə, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və digər çıxış edənlər Ulu öndərin müstəqil Azərbaycanın memarı olduğunu vurğulayaraq, ədəbiyyatla, mədəniyyətlə bağlı gördüyü işlərdən danışıblar.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazası təqdim edilib.

***

Milli Kitabxanada “Ümummilli Lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgiləri də istifadəçilərə təqdim olunub.

Virtual sərgiyə bu linkdə baxmaq olar.