"Gənc xilasedici" XII Beynəlxalq yarışının və "Gənc xilasedici və yanğınsöndürən" XIII Ümumrespublika birinciliyinin iştirakçıları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisindəki Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olublar.
Bu barədə qoruqdan məlumat verilib.
Beynəlxalq yarışın Azərbayca, Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan iştirakçıları mərkəzin sərgi salonlarında tarixi eksponatlara baxıblar. Onlara Qəbələ Arxeoloji Mərkəzinin yaradılması, fəaliyyəti və burada nümayiş olunan tarixi tapıntılar haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, 2005-ci ildən etibarən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə qoruğun ərazisində arxeoloji qazıntılar aparılıb. SEBA-nın təşəbbüsü və dəstəyi ilə aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub, məlumat lövhələri quraşdırılıb, qoruğun ərazisində müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.
Prezident İlham Əliyevin 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışı olub. Mərkəz sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir.
Mərkəzin sərgi salonları ilə tanış olan qonaqlar daha sonra “Qafqaz Albaniyasının paytaxtı - Qəbələ” filminə baxıblar və Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıblar.






















