Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini Rəşad Məcid, AYB-nin katibi İlqar Fəhmi, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları fevralın 19-da Xalq şairi, dramaturq Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər.
Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu deyən nazir onun əsərlərinin oxucular tərəfindən sevildiyini, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını vurğulayıb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev şairin ədəbiyyatımıza töhfələrini yüksək qiymətləndirib. Prezident İlham Əliyev də onun ədəbiyyat və mədəniyyətimizin inkişafı sahəsində mühüm xidmətlərini daim diqqət mərkəzində saxlayıb. Fevralın 18-də şairin Azərbaycanın ən ali təltifinə – “Heydər Əliyev” ordeninə layiq görülməsi, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yubilyara təbrik məktubu ünvanlaması bu qayğının bariz nümunəsidir.
Adil Kərimli şairə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona Mədəniyyət Nazirliyinin Fəxri diplomunu təqdim edib.
Nəriman Həsənzadə müalicəsinə göstərilən diqqət və dəstəyə görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməsindən qürur hissi keçirdiyini deyib.
Yazıçılar Birliyinin nümayəndələri də şairə xoş arzularını çatdırıblar.























