Qəbələ şəhərində keçirilən “Qış nağılı” musiqi festivalı çərçivəsində fevralın 7-də Azərbaycan ilə İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü” kamera musiqisi axşamı keçirilib.

Heydər Əliyev Konqres Mərkəzində təqdim olunan konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edib. O, proqrama Azərbaycan və italyan bəstəkarlarının romans janrında yazdıqları əsərlərinin daxil edildiyini diqqətə çatdırıb və bu janrın xüsusiyyətləri barədə qısa məlumat verib.

Konsertdə V.Bellininin “Melanxoliya” romansı, Səid Rüstəmovun “İntizar”, “Hardasan”, Sevda İbrahimovanın “Oyan, Bülbül”, Tofiq Quliyevin “Bakı haqqında mahnı”, “Lirik mahnı”, “Bəxtəvər oldum”, “Qızıl üzük”, Vasif Adıgözəlovun “Qərənfil”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, həmçinin R.Falvonun “Dicitencello vuje”, S.Kardillonun “Heapolitan mahnısı “Katari”, F.Tostinin iki romansı, C.Biksionun “Parlami D amore Mariu” əsərləri səsləndirilib.

Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə (piano) və Əməkdar artist Emil Əfrasiyabın (piano), həmçinin solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (metso-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) və Aysun Mahmudzadənin (soprano) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər Tofiq Quliyevin “Dostluq mahnısı”nı ifa ediblər.