Xəbər verdiyimiz kimi, 5–8 fevral tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı keçirilir.

Fevralın 6-da festivalın açılış mərasimi olub.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət xadimləri, Qəbələ sakinləri və qonaqlar iştirak ediblər.

BMA-nın rektoru Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci dəfə təşkil edilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib. O, diqqətə çatdırıb ki, hələ 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərləri bir araya toplayıb. 

Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və “Gilan”a dərin təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin iştirakı ilə “Viva Opera” adlı konsert proqramı təqdim olunub.

Opera və Balet Teatrının fəaliyyət göstərdiyi bütün dövrlərdə bu orkestrdə ən peşəkar və istedadlı musiqiçilər çalışıblar. Orkestrin dirijor pultu arxasında müxtəlif dövrlərdə maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Kamal və Rauf Abdullayevlər kimi məşhur dirijorlar dayanıb. Hazırda simfonik orkestrdə 124 musiqiçi çalışır. Onlar violin, viola, violençel, kontrabas, arfa kimi simli, həmçinin piano, zərb və sair alətlərdə ifa edirlər. Avropa musiqi alətləri ilə yanaşı, orkestrdə tar, kamança kimi milli musiqi alətlərindən də istifadə edilir. Təcrübəli musiqiçilərlə yanaşı, orkestrdə gənclərə də böyük əhəmiyyət verilir. Hər il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr və Akademiyanın məzunları içərisindən ən perspektivli, bacarıqlı gənclər ciddi müsabiqə yolu ilə orkestrə qəbul edilir və burada ustad musiqiçilərdən ifaçılığın sirlərini öyrənirlər.

Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə keçən konsertdə X.Ximenes, F.Leqar, L.Delib, D.Moduno, A.Lara, A.Biksio, C.Verdi, L.Denza, C.Rossininin operalarından ariyalar, həmçinin italyan nəğməsi, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı , M.Mirzəyevin “Azərbaycan rəqsi” ifa olunub.

Solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (metso-soprano), Azər Zadə (tenor) və Mahir Tağızadənin (bariton) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının proqramı zəngindir. Festival çərçivəsində fevralın 7-də Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü” kamera musiqisi axşamı keçiriləcək.