1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş tarix səhifəsidir. 20 Yanvar, hər şeydən öncə, Azərbaycanın varlığı, suverenliyi ilə bağlı tarixdir və bu dövlət var olduqca onunla birgə yaşayacaq.
1990-cı ilin 20 yanvarında Bakıda güllə yağışına tutulan xalq öz torpağını, milli heysiyyətini, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qorumaq yanğısı ilə ayaqda idi. Bu yanğı xalqı ondan iki il əvvəl meydanlara çıxarmışdı. Həmin iki ildə o vaxtın yerli və mərkəzi hakimiyyətləri Ermənistandakı dədə-baba yurdlarından qovulan, Qarabağdakı əzəli torpağına əl uzanan xalqın haqq çağırışına biganə qaldığı üçün Meydan hərəkatı 20 Yanvara gəlib çıxdı...
Sovet hərb maşını Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına etiraz edən, Azərbaycanın suveren hüquqlarının müdafiəsinə qalxan xalqımıza qarşı qətliam törətdi. Bu qırğın Azərbaycan xalqını qorxutmaq, sındırmaq, onun milli oyanışını, Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, qürurunu itirmədi. Bakı küçələrindəki şəhid qanları milli məfkurəmizin oyanan günəşinin al şəfəqinə çevrildi.
20 Yanvar Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutu idi. Müstəqil Azərbaycan onun suverenliyi uğrunda canından keçənlərin xatirəsinə ən böyük abidə oldu.
20 Yanvar ilk gündən bizim üçün hüzn və qürur günü olub. Təbii ki, ilk illər hüzn, kədər ağır gəlib, amma bu günün milli ruhumuzda yeri Vətən övladlarının şəhidlik zirvəsi kimi uca olub. 20 Yanvardan otuz il sonra, Azərbaycanın sərhədlərini bütöv edən Vətən müharibəsindəki Zəfərlə bərabər qürur da hüznün önünə keçdi.
1990-cı ilin 20 yanvar gecəsi qanına qəltan edilənlərin gözləri arxada qalmışdı. Çünki şəhadət yoluna çıxarkən adını şüar edib hayqırdıqları Qarabağdan nigaran getmişdilər. 2020-ci ilin 44 günü otuz ilin şəhid ruhlarının nigarançılığına da, Qarabağ həsrətinə də son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun gerçəyə çevirdiyi “Qarabağ Azərbaycandır” nidası, ərazi bütövlüyümüzlə bərabər, 20 Yanvara aparan yolun şüarını da tamamladı. Vətən, torpaq azaddırsa, bu amal uğrunda ölənlərin ruhu şaddır...
Vüqar Orxan






















