2023-cü ilin noyabr ayından etibarən hər həftənin şənbə günləri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında abonement konsertlər keçirilir.
Filarmoniyadan bildirilib ki, dekabr ayında abonement konsertlərindən biri Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub. “Səslərlə yazılmış tarix” adlı konserti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Camalə Abdinzadə və tələbələri təqdim ediblər.
Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsertdə ifaçılar Nigar Əsgərova, Anisa Karmel Əsgərli, İqan Ümid Əsgərli, Cavharat Osmanova, Elvanə Əliyeva, Səkinə Mövsümova, Nəzrin Səfərəliyeva, Pərvin İbrahimova və qiraətçi Hüseynağa Aslanov çıxış ediblər.
“Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert də maraqla qarşılanıb. Klassik və müasir musiqi nümunələrinin bu incə sintezi proqrama xüsusi ahəng və fəlsəfi dərinlik bəxş edib.
“Gənc istedadların konserti” də bu qəbildən olan növbəti musiqi tədbirlərindəndir. Proqramda dünya bəstəkarlarının əsərləri səslənib.
2025-i il üçün abonement konsertlərin sonuncusu Aydan Nuriyevanın solo musiqili-poeziya konserti olub.
Proqramda F.Şopen, J.Haydn, R.Şumann və Q.Qarayevin əsərləri səslənib. Qiraətçi Hüseynağa Aslanovun səsləndirdiyi şeirlər musiqi ilə vəhdət yaradaraq dinləyicilərə unudulmaz sənət axşamı yaşadıb.
Filarmoniyanın abonement konsertləri 2026-cı ildə də davam edəcək. Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.
























