Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestrinin ifasında görkəmli bəstəkar Rauf Hacıyevin “Ordan-burdan” televiziya tamaşasına yazdığı musiqidən giriş nömrəsi videoklip formatında təqdim olunub.

Musiqi əsəri orkestrin dirijoru Ellada Məmmədovanın rəhbərliyi altında səsləndirilib.

Mahnı Teatrından verilən məlumata görə, videoklipin əsas ideyası musiqi ilə məkanın vəhdətini yaratmaqdır. Bu məqsədlə Bakının tarixi-memarlıq irsini əks etdirən, şəhərin simvoluna çevrilmiş məkanlar kadr arxasında musiqinin ritmi ilə ahəngdar şəkildə təqdim olunur. Paytaxtın qədim və müasir ruhunu bir araya gətirən bu vizual həll həm milli kimliyi, həm də müasir estetik baxışı nümayiş etdirir.

Layihə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün birləşdirici mahiyyətini və Yeni il bayramının yenilənmə ruhunu sənət dili ilə ifadə edərək, tamaşaçılara musiqi və obrazlar vasitəsilə dərin emosional təsir bağışlayır. Azərbaycan Dövlət Mahnı Teatrı bununla bayram günlərində tamaşaçılara yüksək əhval-ruhiyyə arzulayır.

Videoklipi Mahnı Teatrının sosial media səhifələrində izləmək mümkündür:

https://www.facebook.com/share/v/1MiQKVBBpE/?mibextid=wwXIfr

https://www.instagram.com/reel/DS4betxDYeE/