Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” konserti keçirilib.
Böyük maraqla gözlənilən konsertdə Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, BMM-nin solistləri Rəvanə Qurbanova, Könül Xəlilzadə, Nisbət Sədrayeva və Rəvan Qaçayev çıxış ediblər.
“Mahur”, “Bayatı-Şiraz”, “Segah”, “Şur” və “Dilkəş” muğamlarından parçalar, xalq mahnıları və təsniflərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental ansambl – tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov, udda Vasif Yusibli, bas tarda Kamran Novruzov və zərb alətlərində Səyyar Teymurov müşayiət edib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğamat axşamı" konsert layihəsidir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir. “Muğamat axşamı” və "Muğam dəstgahları" konsertləri ayda iki dəfə sənətsevərlərin görüşünə gəlir.

























