Xalq artisti Polad Bülbüloğlunun müəllifi olduğu “Eşq və ölüm” baleti yalnız musiqisi ilə qəlbləri fəth etmir, həm də dramatik dərinliyi ilə izləyənləri öz sehrinə çəkir. Bəstəkarın “Kitabi Dədə Qorqud” eposunun motivləri əsasında ərsəyə gətirdiyi əsərin tamaşaçısı özünü əbədi mövzuların – sevgi, ölüm, dostluq və xəyanətin içində tapır.
“Eşq və ölüm” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “Balet günləri” layihəsi çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Sarayında nümayiş olunub.
Təqdimatdan öncə çıxış edən Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Polad Bülbüloğlunun yaradıcılığının Azərbaycan mədəniyyətinin zənginliyini və dərinliyini əks etdirdiyini bildirib.
“Xalqımızın, mədəniyyətimizin Polad Bülbüloğlunun musiqisinə hələ də ehtiyacı var. Əminəm ki, biz bu kimi əsərləri gələcəkdə də sevə-sevə səhnəyə qoyacaq və tamaşaçılara layiqincə təqdim edəcəyik. Bu balet yalnız musiqi və rəqs nümunəsi deyil, həm də milli dəyərlərimizin, tariximizin və mədəniyyətimizin ifadəsi kimi böyük əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.
Xalq artisti Polad Bülbüloğlu bildirib ki, baletin yenidən səhnəyə qaytarılması onun üçün xüsusi bir hadisədir. “Mən özümü xoşbəxt sayıram ki, vaxtilə böyük bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun baletlərini SSRİ və xarici ölkələrin səhnələrində təqdim etmişik. Bu ənənə bu gün də davam edir. “Eşq və ölüm” baleti təkcə Azərbaycanda deyil, həmçinin qardaş Türkiyədə də dəfələrlə nümayiş olunub”, - deyə o vurğulayıb.
Sonra “Eşq və ölüm” baleti nümayiş olunub. 2 pərdəli səhnə əsəri ölməz məhəbbəti və qəhrəmanlıq qarşısında ölümün acizliyini tərənnüm edir. Balet bir tərəfdən milli ruhu daşıyır, digər tərəfdən isə sənət dili ilə bəşəri dəyərləri əks etdirir. Bu əsər sözsüz dialoq vasitəsilə hər bir izləyicinin daxili dünyasına toxunur, onların duyğularını oyadır və bəşəri dəyərləri təbliğ edir. Hər detalı ilə həm milli, həm də universal üslubu birləşdirən “Eşq və ölüm” baleti, tamaşaçılara həm vizual, həm də emosional zəngin təcrübə təqdim edir.
Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev idarə edib.
Libretto müəllifi və quruluşçu xoreoqraf Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina, quruluşçu rəssam Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, xoreoqrafın assistenti Başkortostan Respublikasının Əməkdar artisti Denis Zayntdinovdır.
Dirijor Əyyub Quliyev mediaya açıqlamasında bildirib ki, “Eşq və ölüm” Azərbaycan balet sənətində özünəməxsus yeri olan, həqiqətən də möhtəşəm bir sənət əsəridir. O, 2015-ci ildə Belarusun paytaxtı Minskdə “Eşq və ölüm” baletini səhnələşdirdiklərini xatırladaraq bildirib ki, Xalq artisti Polad Bülbüloğlu ilə həmin dövrdə yaradıcı bir iş prosesi keçiriblər. Bu təkcə sənət baxımından deyil, həm də mədəni əməkdaşlıq sahəsində mühüm əhəmiyyət kəsb edən hadisə olub.
“Bizim məqsədimiz hər zaman tarixi keçmişimizə, milli köklərimizə bağlı mövzularda yaradılmış belə dəyərli əsərləri qorumaq və onları daim repertuarda saxlamaqdır,” – deyə Ə.Quliyev əlavə edib.
Qeyd edək ki, “Eşq və ölüm” baleti ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Bu il baletin səhnəyə qoyulmasının 20 illiyi tamam olur.


























