Tanınmış kamança ifaçısı, Xalq artisti, professor Fəxrəddin Dadaşovun 75 illik yubileyi oktyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində qeyd edilib.
Mədəniyyət və ictimaiyyət xadimlərin, sənətsevərlərin iştirak etdiyi tədbir yubilyarın yaradıcılığını əks etdirən qısa videofilmin nümayişi ilə başlayıb.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev nazirliyin Fəxrəddin Dadaşova ünvanlanan təbrik məktubunu oxuyub.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə yubilyarı təbrik edərək onun musiqi sahəsindəki xidmətlərindən söz açıb.
Azərbaycan Milli Konservatoriyanın (AMK) prorektoru professor Lalə Hüseynova da yubilyar haqqında ürək sözlərini bölüşüb və ona AMK-nın təbrik məktubunu təqdim edib.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev çıxış edərək Fəxrəddin Dadaşovun pedaqoji fəaliyyətindən, muğam sənətimizin inkişafı və təbliği sahəsində göstərdiyi xidmətlərdən söz açıblar.
Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə Fəxrəddin Dadaşovun mənalı həyat və sənət yolundan ətraflı bəhs edilib. Bildirilib ki, istedadlı kamança ifaçısı 1966-cı ildən görkəmli tarzən Həbib Bayramov tərəfindən dəvət edildiyi Azərbaycan Dövlət Radio və Televiziyasının Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının konsertmeysteri olub. Bu kollektivdə, eləcə də sonrakı illərdə ustad tarzən Möhlət Müslümovla birgə çalışdığı Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü ilə çıxışlarında özündən əvvəlki kamança ifaçılarımızın ənənələrini qoruyaraq, öz təkrarsız ifası ilə muğamlarımıza təravət və cazibə gətirib. İfaları dünyanın bir çox ölkələrində lentə yazılıb. Fəxrəddin Dadaşov ifaçılığı ilə yanaşı, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə xidmət göstərib.
Gecənin bədii hissəsində tanınmış muğam ifaçıları çıxış ediblər. Xanəndələri Prezident mükafatçısı Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansambl müşayiət edib.
Tədbirin sonunda yubilyar gecənin təşkilatçılarına minnətdarlığını bildirib.