14 sentyabr – 5 oktyabr tarixlərində Moldovanın paytaxtı Kişineuda dünya opera sənətinin görkəmli simalarından olan Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş 33-cü Beynəlxalq Opera Festivalı keçirilib.
Festivalda 12 ölkədən 20 xüsusi qonaq – Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Niderland və İspaniyadan dirijor və müğənnilərlə bərabər Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppasının iştirakı ölkənin önəmli mədəni hadisələrindən birinə çevrilib.
Cüzeppe Verdinin “Bal maskarad” operası ilə başlanan festivalın proqramında təqdim olunan “Yevgeni Onegin”, “Sevgi şərbəti” və “Turandot” operaları ilə yanaşı, “Don Kixot”, “Romeo və Cülyetta” baletləri də xüsusi maraqla qarşılanıb.
Festivalın ən gözlənilən hadisələrindən biri Operada Moldova Milli Opera Teatrı truppasının, 4 ölkədən ifaçıların iştirak etdiyi Cakomo Puççinin “Turandot” operası olub.
Oktyabrın 2-də nümayiş olunan tamaşanı Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev idarə edib. Tamaşada soprano Kristel di Marko (Fransa) və tenor Diyeqo Qodoyun (Çili) ifaları ayaqüstə alqışlarla qarşılanıb.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev də tamaşaçılar arasında yer alıb.