Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bu il 140 illiyi qeyd edilən dahi bəstəkar, musiqişünas, milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin (1885–1948) pedaqoji fəaliyyətinə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyəti onun musiqi yaradıcılığı qədər böyük əhəmiyyət daşıyır.
“O, müəllimliyə yalnız bir peşə kimi yox, bir missiya kimi yanaşırdı. Gənc nəslin musiqi savadını artırmaqla yanaşı, onların milli ruhda tərbiyə olunmasını da qarşısına məqsəd qoymuşdu. Üzeyir bəy tələbələrinə həmişə sənətkarın xalqa xidmət etmək vəzifəsinin olduğunu xatırladırdı. Bu fikirlər onun pedaqoji dünyagörüşünün mahiyyətini əks etdirir. Üzeyir Hacıbəyli istedadlı gəncləri dərhal tanıyır, onların inkişafına xüsusi diqqət yetirirdi. O, tələbələrinə həm bəstəkar kimi, həm dirijor, həm də publisist kimi dəstək olur, onların yaradıcılıq imkanlarını genişləndirirdi. Onun təşəbbüsü ilə xalq mahnılarının toplanması və nota alınması prosesi başladı. Bu, həm pedaqoji məqsəd, həm də mədəni irsin qorunması baxımından misilsiz bir addım idi. Üzeyir Hacıbəyli ilk dəfə olaraq Avropa musiqi alətlərini milli muğam janrında istifadə edərək, həm təcrübədə, həm də tədrisdə yeni bir yol açdı. Bu da onun pedaqoji və elmi cəhətdən nə qədər uzaqgörən olduğunu göstərir. O, musiqi təhsilində yalnız texniki biliklərlə kifayətlənmirdi. Üzeyir bəy gənc musiqiçilərə fəlsəfi düşünməyi, musiqiyə məna qatmağı və onu mənəvi dəyərlərlə birləşdirməyi öyrədirdi”, – deyə F.Əlizadə əlavə edib.
Konfransda ABİ-nin katibi Leyla Zöhrabova, tanınmış musiqişünaslar – Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyev, Gülnaz Abdullazadə, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı və başqaları iştirak ediblər.
Çıxışlarda dahi bəstəkarın yaradıcılığına toxunulub, pedaqoji fəaliyyətindən bəhs edilib.
Sonda Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi nömrələri səslənib.