Salyan Dövlət Rəsm Qalereyası və Salyan Tarix-Diyarşünaslıq Muzeyinin (Şirvan-Salyan RMİ) birgə təşkilatçılığı ilə "Əbədi səslər, əbədi rənglər" adlı sərgi açılıb.
"Art musiqi" layihəsi çərçivəsində təşkil olunan sərgi 18 sentyabr – Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.
Salyan Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə musiqiçilər, rəssamlar, elm, ədəbiyyat adamları, məktəblilər, həmçinin Salyan regional "ASAN xidmət" mərkəzinin könüllüləri iştirak ediblər.
Çıxışlarda Azərbaycan musiqi sənətinin yaranma tarixindən, Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqedən, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən danışılıb. Qeyd olunub ki, Üzeyir Hacıbəylinin anadan olduğu günün Milli Musiqi Günü kimi qeyd olunması ölkəmizin mədəni həyatında mühüm hadisədir.
Çıxışlardan sonra iki hissədən ibarət sərginin açılış mərasimi olub.
İlk olaraq Salyan Tarix-Diyarşünaslıq Muzeyinin təqdim etdiyi Salyanda doğulmuş, eləcə də vaxtilə bu rayonda olmuş incəsənət ustalarının şəxsi əşyalarından ibarət sərgi ilə tanışlıq olub. Ekspozisiyada Xalq artisti bəstəkar Arif Məlikov, Əməkdar incəsənət xadimi aşıq Pənah Pənahov və Əməkdar artist Həsənağa Sadıqova aid əşyalar, Salyan rayon Mədəniyyət Mərkəzinin məşhur "Cəngi" ansamblına aid eksponatlar və Azərbaycan Milli elmi tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun bərpa etdiyi qədim musiqi alətləri nümayiş olunub.
Sərginin ikinci hissəsi Salyan Dövlət Rəsm Qalereyası tərəfindən təqdim edilib. Yeniyetmə rəssamların əl işləri – "Üzeyir Hacıbəyli", "Asəf Zeynallı", "Cazmen Pərviz Rüstəmbəyov", "Aşıq Pənah", "Qulu Əsgərov", "Emin Sabitoğlu", "Həsənağa Sadıqov", "Arif Məlikov", "Muğam kompozisiyası", "O olmasın, bu olsun" və digər əsərlər maraqla qarşılanıb.
Pianoçu İlkin Məcidov Azərbaycan bəstəkarlarının klassik və estrada əsərlərindən parçalar ifa edib.
Sərgi sentyabrın 22-dək baxış üçün açıq olacaq.