Milli Kitabxanada filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun 80 illik yubileyinə həsr olunmuş kitab sərgisi tərtib edilib.

Kitabxanadan verilən məlumata görə, “Akademik Möhsün Nağısoylu” adlı sərgidə alimin yazdığı monoqrafiya və dərsliklər, ön söz müəllifi, tərtibçisi və rəyçisi olduğu nəşrlər, tərcümələri və redaktəsi ilə hazırlanmış kitablar, həmçinin onun həyat və yaradıcılıq yoluna həsr olunmuş nəşrlər və dövri mətbuat materialları nümayiş olunur.

Möhsün Zellabdin oğlu Nağısoylu (Nağıyev) 1946-cı il sentyabrın 1-də Şərur rayonunun Xok kəndində anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində ali təhsil alıb. 1972-ci ildən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyib, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olub. Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilib. Farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur.

Alim 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (poleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik, 1994-cü ildə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 28 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir. Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair çoxsaylı elmi və elmi-kütləvi məqalənin müəllifidir. Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış edib. 1967-1970, 1972-1975, 1982-1986-cı illərdə Əfqanıstanda fars dili tərcüməçisi işləyib.

Möhsün Nağısoylu 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilib. 2015-2021-ci illərdə AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışıb.