Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi açılıb.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərgi barədə məlumat verib. Diqqətə çatdırıb ki, sərginin Milli Xalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalça kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə əlaqədardır.

Qeyd edilib ki, sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi qırxdan çox əsəri təqdim olunur. Azərbaycan xalça kompozisiyalarının, ornamentlərinin mühüm yer tutduğu əsərlərdə milli memarlıq, təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks etdirilib. Təqdim olunan “Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”, “Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın zəngin mədəniyyətinə dərin ehtiram ifadə edilir.

Rəssamın əsərlərinin indiyədək Bakı, Paris, Ankara və Sankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunduğunu deyən Ə.Məlikova bildirib ki, “Əsrlərin sədasında xalça sehri” sərgisi müəllifin Azərbaycan mədəni irsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolunda növbəti mərhələdir.

Xalq rəssamı Arif Hüseynov müəllif haqqında fikirlərini bölüşərkən deyib: “Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva əvvəlcə naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri ilə mükəmməl vəhdətini yaratmağa nail olur”.

Millin Məclisin deputatı Razi Nurullayev, Azərbaycan Rəssamlar İttifaqı Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi Kübra Əliyeva da müəllifin yaradıcılığı və sərginin əhəmiyyətindən söhbət açıblar.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi sentyabrın 21-dək davam edəcək.