Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 18-də Azərbaycan Dövlət Film Fondunda “Üzeyir Hacıbəyli və Azərbaycan kinosu” mövzusunda retrospektiv nümayiş və fotosərginin açılışı olub.
Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə dahi bəstəkarın 140 illiyi ilə əlaqədar ölkəmizdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy öz çıxışlarında Üzeyir Hacıbəyli yaradıcılığını müxtəlif aspektlərdən təhlil ediblər.
Tədbirin sonunda 1945-ci ildə Bakı kinostudiyasında ("Azərbaycanfilm") rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən ekranlaşdırılmış “Arşın mal alan” filmi nümayiş olunub.