Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ənənəvi layihələrindən olan “TÜRKSOY Fotoqraflar Görüşü” bu il 12–22 avqust tarixlərində Macarıstanda keçirilib.
TÜRKSOY-dan verilən məlumata görə, proqram çərçivəsində fotoqraflar Budapeştin tarixi mərkəzlərindən Pannonhalma Başabibliyinə, Buqaçda keçirilən Böyük Hun-Türk Qurultayından Kaloçsanın ənənəvi keramika, geyim və divar bəzək sənətlərinə qədər Macarıstanın müxtəlif mədəni dəyərlərini yaxından tanımaq və şəkillərini çəkmək imkanı əldə ediblər.
Türk dünyasının müxtəlif ölkə və bölgələrini təmsil edən fotoqraflar UNESCO-nun Dünya İrs Siyahısında yer alan Hollókő tarixi kəndini də fotokameranın yaddaşına köçürüblər.
TÜRKSOY-un baş katibi Sultan Raev və layihəyə dəstək verən Macarıstanın Lakitelek Fondunun Himayəçilər Şurasının sədri Sándor Lezsák 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü”nin iştirakçıları ilə bir araya gəliblər.
Toplantıda fotoqrafiya sənətinin mədəni yaddaşın qorunmasındakı rolu, dəyişən dünyada fotoqrafiyanın gələcəyi və Türk dünyasının ortaq dəyərlərinin vizual şəkildə sənədləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.
“Bu görüşlərlə yalnız bu günü sənədləşdirmir, mədəniyyətimizin və ortaq dəyərlərimizin vizual yaddaşını gələcək nəsillərə ötürürük”, – deyə Sultan Raev bildirib.
Tədbir çərçivəsində Türk dünyasının fotoqraf sənətçiləri arasında əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsi məqsədilə Türk Dünyası Fotoqraflar Birliyinin yaradılması üçün hazırlıq işlərinə başlanılması ilə bağlı niyyət sənədi imzalanıb.
Sultan Raev və Sándor Lezsák 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü”ndə iştirak edən fotoqraflara sertifikatlar təqdim ediblər.
Qeyd edək ki, Azərbaycandan builki sənət görüşündə tanınmış fotoqraf Rauf Umud iştirak edib.
***
Rauf Umud görüş zamanı Azərbaycanda fotoqrafiyanın 165 illiyinə həsr olunan fotomarkanı TÜRKSOY-un baş katibi Sultan Raevə təqdim edib.
Bu barədə Rauf Umud medeniyyet.info.az-a bildirib.
"Gilavar" fotoklubunun təşəbbüsü ilə “Azərpoçt” tərəfindən buraxılan markada 1861-ci ildə rus ordusunun kapitanı, hidroqraf və fotoqraf Aleksandr Ulskinin (1837–1868) Bakıda çəkdiyi ilk tarixi fotoşəkil əks olunub.
























