Beynəlxalq Muğam Mərkəzi mövsümü 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə açıb.

Konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib, bu günün təkcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramı olduğunu bildirib.

Konsertdə BMM-nin musiqi kollektivləri – Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) və Cahangir Cahangirov adına xor (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət proqram təqdim ediblər.

Orkestrin proqramına rəmzi olaraq Üzeyir Hacıbəyli irsindən 18 musiqi nömrəsi daxil edilib. Dövlət Himni və “Koroğlu” operasından uvertüra ilə başlayan konsertdə xorun solistlərinin iştirakı ilə bəstəkarın əbədiyaşar əsərləri səslənib. Cahangir Cahangirov adına xor Üzeyir bəyin opera və operettaları əsasında hazırlanmış kompozisiyalar ifa edib.