Sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Paytaxtın baş səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub. Opera Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə yeni quruluşda hazırlanıb.

Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımov, dekorasiyalar üzrə rəssam Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Sevil Hacıyeva, xoreoqraf Yury Lobaçevdir. 

Tamaşaya Əməkdar artist Əyyub Quliyev dirijorluq edib. Solo tarda ifanı Elxan Mansurov təqdim edib.

Səhnə əsərində əsas partiyaları – Leyli rolunu Əməkdar artist Arzu Əliyeva, Məcnun rolunu Xəyal Hüseynov ifa ediblər.

Digər obrazlarda Taleh Yahyayev, Aytən Məhərrəmova, Mütəllim Dəmirov, Afaq Ağayeva, Fuad Əzizzadə, Əməkdar artist Cahangir Qurbanov, Məhəbbət Səfərov, Pərviz Verdiyev və başqaları çıxış ediblər.

Qeyd edək ki, Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının konsert və tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkənin 10-a yaxın şəhər və rayonunu da əhatə edir. Festival sentyabrın 28-dək davam edəcək. Həmçinin bu günlərdə müxtəlif xarici ölkələrdə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsertlər təşkil edilir.