Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə sentyabrın 18-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə və Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbir foyedə Üzeyir Hacıbəylinin obrazı ilə səhnələşdirilmiş kompozisiyanın nümayişi ilə başlanıb.
Proqramda ilk olaraq canlı ifa ilə Dövlət Himni səsləndirilib. Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilib.
Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir Hacıbəylinin həyatı və fəaliyyəti barədə video-icmal nümayiş etdirilib.
Regional idarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin, mədəniyyət müəssisələri əməkdaşlarının ifasında bəstəkarın unudulmaz əsərləri səsləndirilib, kompozisiyalar, rəqslər və “O olmasın, bu olsun” filmindən fraqmentlər təqdim edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.