Sentyabrın 18-də Azərbaycan professional musiqi məktəbinin banisi, görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə bəstəkarın Bakıdakı ev-muzeyində tədbir keçirilib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə açılış sözünü musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarova söyləyib.

Azərbaycan Milli Konservatoriyasının rektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə, Milli Konservatoriyanın prorektoru Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova və başqa çıxış edənlər Üzeyir bəyin zəngin yaradıcılığından  maraqlı faktları diqqətə çatdırıb, onun Azərbaycan musiqi tarixindəki misilsiz xidmətlərini vurğulayıblar.

Tədbir konsert proqramı ilə davam edib. 

Üzeyir Hacıbəylinin "Sevgili canan", "Cəngi", "Yaxşı yol", "Çırpınırdı Qara dəniz" əsərləri, "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarından duetlər ifa olunub.

Ev-muzeyinin elmi katibi Nərgiz Qədirova Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində bp şirkətinin sponsorluğu və muzeyin təşəbbüsü ilə ərsəyə nəşrlər haqqında məlumat verib.

Musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə tədbirdə yekun söz söyləyib.

Sonra qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olublar.