Xəbər verdiyimiz kimi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan Mədəniyyət Yolu Festivalının növbəti mərhələsi 16–24 avqust tarixlərində Ərzurumda davam edir.
Festivalın bu mərhələsində Azərbaycan da təmsil olunur.
İki qardaş ölkənin aidiyyəti nazirlikləri və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) dəstəyi ilə avqustun 20-də Ərzurumdakı İbrahim Erkal Mədəniyyət Sarayında “Can Azərbaycandan sevgilərlə” adlı konsert keçirilib.
Öncə səhnəyə çıxan AMM-nin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə tarixi dostluğu və qardaşlığının, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına istinad edərək, Mədəniyyət Yolu Festivalı çərçivəsində Azərbaycanın zəngin musiqisinin, muğam sənətinin, milli rəqslərimizin təqdim ediləcəyini bildirib.
Konsert proqramında Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu çıxış edib. Gənc xanəndə Aytən Məhərrəmova, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Elnur Əliyevin (nağara) yer aldığı heyətin ifasında muğamlarımız, xalq mahnılarımız, “Azərbaycan”, “Qarabağ”, “Bəri bax”, “Xudayar təsnifi”, “Çırpınırdı Qara dəniz”, “Yaşa mənim xalqım” və s. əsərlər səslənib.
Türkiyədəki AMM-nin nəzdində fəaliyyət göstərən "Zəngəzur" Azərbaycan xalq rəqsləri ansamblının ifasında “Cəngi”, “Zəngəzur yallısı”, “Uzundərə”, “Vağzalı” və s. rəqslər də proqrama rəng qatıb.
Konsert böyük maraq doğurub və tamaşaçıların gur alqışları ilə müşayiət edilib.