Xəbər verdiyimiz kimi, 24-29 iyul tarixlərində XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir.

Festival çərçivəsində iyulun 25-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim olunub. 

Əvvəlcə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək orkestrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnəsində konsert verib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. 2018-ci ildən kamera orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Konsert Üzeyir Hacıbəyli, Arif Məlikov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Müslüm Maqomayev, Musa Mirzəyev, həmçinin G.Puççini, P.İ.Çaykovski, A.Piazzolla, D.Şostakoviç və digər bəstəkarların əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər Afaq Abbasova (soprano) və Aleksey Miltıxın (cello), Nicat Salmanov (fleyta), Rəfiqə Quluzadə (piano), Cəlal Kərimov (bariton), Şərif Bağırov (klarnet) və Hüseynağa Asalanovun (qiraətçi) ifaları, eləcə də Daniyə Nəsirova və Ülvi Əliəhmədlinin təqdimatında rəqslər də maraqla qarşılanıb.

***

XIV Qəbələ Musiqi Festivalının iyulun 25-də daha bir konserti "Gənclərə dəstək” layihəsi iştirakçılarının ifasında təqdim olunub.

Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl BMA-nın professoru Zəhra Quliyeva çıxış edərək “Gənclərə dəstək” layihəsi barədə məlumat verib. Bildirilib ki, 2016-cı ildən həyata keçirilən layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına zəmin yaratmaqdır. 

Konsertdə solistlər Aydan Nuriyeva (piano), Sultan Kərimov (violin), Mədinə Paşayeva (piano), Adnan Kərimli (zərb aləti), Amin Rəsulzadə (bas gitara), Elmira Dadaşova (violin), Ucal Məmmədov (klarnet), Damla Yaqublu (cello), Nərminə Salmanova (fleyta), Camal Əliyev (piano), Əmirə Terequlova (violin), Cəlalə İsmayılzadə (piano), Fərəh Əliyeva (piano), Cavidan Babazadə (tenor), Tamilla Həsənova (soprano) və Xədicə Həziyevanın (soprano) ifaları tamaşaçılar tərəfindən alqışlarla maraqla qarşılanıb.

Solistləri fortepianoda Svetlana Əhmədova, Samirə Əmiraslanova və Nuridə Novruzova müşayiət ediblər.

Konsertdə Üzeyir Hacıbəylinin “Sevgili canan”, həmçinin J.İber, M.Manqani, H.Venyavski, V.Monti, P.Rivera, Y.Brams, C.Puççini, R.Şuman, V.Motsart, S.Prokofyev və digər bəstəkarların əsərləri səsləndirilib.