Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, mahir fleyta ifaçısı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Telman Hacıyev 16 iyul 2025-ci ilddə, 88 yaşında dünyasını dəyişib.
Telman Muxtar oğlu Hacıyev 31 yanvar 1937-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA), 1964-cü ildə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını fleyta ixtisası üzrə bitirib.
Moskvada fəlsəfə elmləri üzrə namizədlik (1972) və doktorluq (1985) dissertasiyalarını müdafiə edərək alimlik dərəcələri alıb.
Pedaqoji fəaliyyətə 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının Kamera ansamblı kafedrasında başlayıb. 1975-ci ildən həmin kafedranın dosenti olub. 1990-ci ildə ona professor elmi adı verilib.
Telman Hacıyevin ifaçılıq fəaliyyəti 1965-ci ildən Azərbaycan Televiziyası və Radiosunun nəzdində kamera orkestrinin (indiki Q.Qarayev adına Dövlət Kamera Orkestri) ilə bağlı olub. Orkestrin fleytaçı-solisti kimi müxtəlif ölkələrdə çıxış edib.
Sənətkar 1975-1976-cı illərdə Qahirə Konservatoriyasında (Misir) da professor vəzifəsində çalışıb, həmçinin Misirin şəhərlərində solo konsertlər verib.
Telman Hacıyev fleyta ifaçılığı ilə bağlı dərs vəsaitinin, eləcə də fəlsəfə mövzusunda kitabların (“İncəsənətin sosial fəallığı”, “Avestadan bu günədək” və s.) müəllifidir.
1992-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Həmin ildən Bakı Musiqi Akademiyasında yaradılmış İncəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri olub.
***
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, ittifaqın katibləri və üzvləri tanınmış musiqi xadimi, alim və pedaqoq,
Əməkdar incəsənət xadimi, professor Telman Hacıyevin
vəfatı ilə əlaqədar mərhumun qızı musiqişünas, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyevaya və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin.