Dekabrın 8-də 95 yaşı tamam olan görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə yüksək dövlət təltifinə layiq görülüb.

Ustad tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (Qara Qarayevin sinfi) bitirib.

Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.

Professor Tofiq Bakıxanov yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

1973-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1990-cı ildə Xalq artisti fəxri adına layiq görülən sənətkar 2000-ci ildə "Şöhrət", 2021-ci ildə "Şərəf" ordenləri ilə təltif olunub. 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.

Tofiq Bakıxanovu 95 yaşı və növbəti dövlət təltifi münasibətilə təbrik edir, cansağlığı arzulayırıq!