Mayın 13-də Mədəniyyət Nazirliyi Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi” adlı panel sessiya təşkil edib.
Sessiyanın əsas məqsədi rəqəmsal texnologiyaların mədəni irsin qorunması və şəhərsalma planlamasına inteqrasiyası imkanlarını nümayiş etdirmək, beynəlxalq təcrübələri bölüşmək və innovativ yanaşmaların təşviqinə töhfə verməkdir.
Tədbirin açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan mədəni irsin rəqəmsal tranformasiyası sahəsində beynəlxalq əməkdaşlıqlara önəm verir. O qeyd edib ki, mədəni irsin qorunması və mühafizəsi yalnız mədəniyyət siyasətinin deyil, həm də şəhərsalma prosesinin vacib bir hissəsidir. Bu mənada mədəni irs abidələri gələcək şəhərsalma və ümumi inkişaf üçün strateji prioritetdir.
Səadət Yusifova Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma işləri barədə danışarkən bildirib ki, 2020-ci ildən bu yana azad edilmiş ərazilərdə daşınmaz tarixi-mədəni inventarların sahə tədqiqatları aparılır. Bu çərçivədə elektron sənədlər və digər mənbələr araşdırılır, elektron xəritələr hazırlanır və rəqəmsal məkanda sistemləşdirilir.
Paneldə Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli, “Artivive” şirkətinin baş icraçı direktoru Sergiu Ardelean çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müasir rəqəmsal texnologiyalar mədəni irsin qorunması, sənədləşdirilməsi və təqdimatında yeni imkanlar açır. 3D modelləşdirmə, süni intellekt, böyük verilənlər və artırılmış reallıq kimi innovativ həllər tarixi abidələrin daha dəqiq öyrənilməsi, bərpası və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Həmçinin vurğulanıb ki, rəqəmsal alətlər vasitəsilə mədəni irsin şəhərsalma proseslərinə inteqrasiyası daha səmərəli planlaşdırmaya imkan yaradır, risklərin qiymətləndirilməsi və idarə olunmasını asanlaşdırır. Bu texnologiyalar mədəni irsin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə müasir və interaktiv formada təqdim olunmasına şərait yaradır.
Natiqlər dövlət qurumları, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək, innovativ yanaşmaların təşviqi və yeni layihələrin həyata keçirilməsinin bu sahənin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.





















