13-14 may tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı – Baş Konfransın 15-ci sessiyası keçirilir.

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir.

Sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, təşkilata üzv ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Sessiya çərçivəsində ICESCO-nun Baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib.

ICESCO Baş Konfransının 15-ci sessiyası çərçivəsində “Kazan – 2026: İslam Dünyasının Mədəniyyət Paytaxtı İli”nə də rəsmən start verilir.

Xatırladaq ki, Kazan "İslam Dünyasının Mədəniyyət Paytaxtı" adını ötən il bu adı daşıyan Səmərqənd (Özbəkistan) şəhərindən təhvil alıb. Ondan öncəki ildə (2024) isə "İslam Dünyasının Mədəniyyət Paytaxtı" missiyasını Azərbaycanın Şuşa şəhəri daşıyıb.