Sumqayıt Şəhərinin Tarixi Muzeyində (Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi) "Dağ Tumasa çəkilən dağlar" sənədli filmi təqdim olunub.

Film ötən əsrin 80-ci illərinin sonlarında ermənilər Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayanda Cəbrayıl rayonunun Dağ Tumas kəndindən üç gəncin doğma torpaq uğrunda mübarizəyə qoşulması və şəhadətə ucalmasından bəhs edir.

Üç sinif yoldaşı: Məmmədov Hikmət Həsən oğlu, Lətifov Ramiz Mahmud oğlu, Şükürov Namiq Məhəmməd oğlu orta məktəbi bitirib Vətənin keşiyinə yollanırlar. Hikmət Məmmədov 1993-cü ilin son günündə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ramiz Lətifov 1994-cü ilin əvvəlində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşür. Namiq Şükürov isə cəbhədə atəşkəs barədə razılaşma əldə olunduqdan bir il sonra təmas xəttində xidmət edən Azərbaycan hərbiçilərinə sovqat aparanda minaya düşərək həlak olur...

Təqdimat mərasimində şəhid ailələri, Qarabağ müharibəsinin iştirakçıları, Cəbrayıl rayonundan Milli Məclisin deputatı Ceyhun Məmmədov, ictimaiyyət nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.

Filmin ideya müəllifi və prodüseri "Ata Yurdum" Böyük Qayıdışa Sosial Dəstək İctimai Birliyinin sədri Səkinə Həmidovadır. Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun sıralarında tibb bacısı kimi xidmət edən Səkinə Həmidovanın qardaşı Şəmsi Həmidov da doğma kəndlərinin işğalı zamanı döyüşlərdə itkin düşüb. Keçmiş tibb bacısı "Dağ Tumasa çəkilən dağlar" filminin qəhrəmanı olan şəhidlərimizlə orta məktəbdə bir sinifdə oxuyub.

Sənədli filmin rejissoru və ssenari müəllifi jurnalist Teymur Zahidoğludur. Mətni jurnalist Murad Həşimov və Günay Fərzəliyeva səsləndiriblər.

Filmdə 1980-ci illərdə Azərbaycan Televiziyası tərəfindən lentə alınmış görüntülərdən, teleopertor Şakir Məmmədovun 1991-94-cü illərdə müharibədə çəkdiyi kadrlardan, eləcə də 2020-ci ildə Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən çəkilmiş videogörüntülərdən istifadə edilib. 

Ekran əsəri Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı dövründə şəhid olan, itkin düşən, döyüşlər vaxtı və müharibədən sonrakı dövrdə mina qurbanı olan Azərbaycan vətəndaşlarının xatirəsinə ithaf olunur.