İyulun 1-də Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
Bu barədə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsindən (RMİ) məlumat verilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən RMİ-nin rəisi Nail Məmmədov, digər rəsmilər, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulluğunun nümayəndəsi, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əliyeva çıxış edərək “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb. Bildirilib ki, festival müxtəlif xalqların musiqi mədəniyyətlərini bir araya gətirməklə mədəni əməkdaşlığın genişlənməsinə töhfə verir.
Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə iştirakçıları salamlayıb, festivala uğurlar arzulayıb.
Festivalın ilk konsertində Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri (bədii rəhbər Xəyal Qəhrəmanov) və solistləri çıxış ediblər.
Proqramda tarixi İpək Yolu üzərində yerləşən ölkələrdən festivala qatılan musiqiçilərin ifaları da təqdim olunub.
Gəncə Dövlət Filarmoniyasının "Göygöl" mahnı və rəqs ansamblının çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Festival iyulun 3-dək davam edəcək.
Xatırladaq ki, 2011-ci ildə əsası qoyulan "İpək Yolu” Beynəlxalq Musiqi Festivalı indiyədək Şəki şəhərində keçirilib.

























