İyulun 2-də Milli Kitabxanada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbir çərçivəsində Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimatı da olub.

Öncə iştirakçılar “Ortaq irs, zəngin xəzinə: Milli Kitabxananın qızıl fondundan” başlıqlı geniş kitab sərgisi ilə tanış olublar.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının dilləri, mədəni irsi və elmi əməkdaşlıq perspektivləri üzərində düşünən alimləri bir araya topladığını söyləyib, qurultayın tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Birinci Türkoloji Qurultayın 80, 90 və 100 illik yubileylərinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək səviyyədə qeyd edildiyini, son sərəncamla müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsi çərçivəsində əhəmiyyətli elmi-təşkilati tədbirlərin reallaşdırıldığını deyib.

Direktor Milli Kitabxana tərəfindən yubiley ilinə töhfə olaraq “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” (Bakı Dövlət Universiteti ilə birgə nəşrə hazırlanıb) və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının ərsəyə gətirildiyini diqqətə çatdırıb.

Kərim Tahirov həmçinin bu gün Türk Dünyası Milli Kitabxanaları Birliyinin təqdimatı olduğunu və bu birliyin də Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan olduğunu deyib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözlərini xatırladaraq, ölkəmizin tərəqqisinin, gələcəyinin həm də türk dövlətlərinin birliyində olduğunu vurğulayıb.

Nazir müavini ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətlərinin milli kitabxanalarının birliyinin Milli Kitabxanada 2024-cü ilin dekabr ayında təsis edildiyini yada salaraq, birgə ortaq layihələrin həyata keçirilməsi istiqamətində işlərin nəzərdə tutulduğunu deyib, professor Kərim Tahirovun sədrliyi ilə bu işlərin öhdəsindən layiqincə gəlinəcəyini bildirib, Birliyin işinə uğurlar arzulayıb.

O, həmçinin Kitabxana tərəfindən nəşr edilmiş “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

AMEA-nın prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasının Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olduğunu söyləyib.

Akademik Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatını həm mətnin tam və dəqiq bərpası, həm də yüksək poliqrafik keyfiyyəti baxımından Türkoloji Qurultayın 100 illiyi münasibətilə Azərbaycan elminə və cəmiyyətinə təqdim olunan ən sanballı nəşrlərdən biri adlandırıb, gələcəkdə bu stenoqrafik hesabatın daha geniş coğrafiyada, ilk növbədə isə Türk dünyasında yayılmasını məqsədəuyğun hesab edib, nəşrin Azərbaycan türkologiyasının, Azərbaycan humanitar elminin, ümumilikdə isə ictimai və humanitar elmlərin inkişaf tarixində mühüm başlanğıc nöqtəsi olduğunu vurğulayıb.

Akademik “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitabının şanlı yubileyə mühüm töhfə olduğunu qeyd edib, vəsaiti mükəmməl salnamə adlandırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri professor Anar İsgəndərov “Birinci Türkoloji Qurultayın XX əsr türkoloji fikir tarixinin ən mühüm elmi hadisələrindən biri kimi qiymətləndirildiyini və ideyalarının Türk dünyasında elmi-mədəni inteqrasiyanın inkişafı baxımından aktuallığını qoruyub saxladığını söyləyib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini professor Günay Əfəndiyeva Türk dünyasının hazırda tarixi mərhələ qət etdiyini və bu gün türk dövlətlərinin böyük, güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşdiyini söyləyib, türk dünyasının dahi mütəfəkkiri İsmayıl bəy Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, əməldə birlik” şüarını səsləndirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Türk Dünyası Həftəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən nüfuzlu türkoloq alimlərin, dövlət, elm və mədəniyyət xadimlərinin iştirakı ilə beynəlxalq konfranslar, konqreslər və zəngin mədəni proqramların təşkil olunduğunu, bütün qurumların vahid amal ətrafında birləşdiyini qeyd edib. O, BDU ilə Milli Kitabxana arasındakı sıx əməkdaşlıqdan danışıb, stenoqramın ərsəyə gəlməsində hər iki qurumun ciddi səy göstərərək maksimal dərəcədə bütün çıxışların əhatə olunmasına çalışdığını, nəticədə qiymətli nəşrin meydana gəldiyini vurğulayıb.

Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Birinci Türkoloji Qurultayın yubileyinin bu səviyyədə keçirilməsində ən böyük xidmətin Azərbaycan Prezidentinə aid olduğunu çatdırıb. “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” kitabının ön söz müəllifi olan akademik nəşrin hazırlanmasındakı çətinliklərdən danışıb, kitabın orijinalında çox sayda tekstoloji və texniki, həmçinin adların verilməsində tərcümədə müəyyən qüsurların olduğunu, gələcəkdə yeni tərcümələrin də ola biləcəyini, lakin stenoqrafik hesabatın olduqca dəyərli olduğunu söyləyib.

Akademik təqdim olunan biblioqrafiyanın da əhəmiyyətindən danışıb, tədqiqatçılar üçün istinad nöqtəsi, mənbə rolunu oynadığını qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Hüseynova, Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Cümhuriyyəti Mədəniyyət  və Turizm Nazirliyinin Kitabxanalar və Nəşriyyatlar baş müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, İstanbul Universitetinin professoru Osman Fikri Sertkaya və digər çıxış edənlər son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsindən danışıb, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlərin ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcəyini söyləyiblər.

Tədbirin davamında “Birinci Türkoloji Qurultay” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/Turkoloji_qurultay/index.html) təqdim edilib.

Sonda Mədəniyyət Nazirliyinin Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təsis etdiyi xatirə nişanı ilə təltifolunma mərasimi olub.