Dekabrın 8-də Bakı Konqres Mərkəzində "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə- 2025" çərçivəsində "RAYS: PRO. MEDIA 2025" adlı dəyirmi masa keçirilib.

Dəyirmi masa media qrupları, yayımçıları, məzmun istehsalçıları və distribütorları, ödənişli TV operatorları, axın platformaları və media sənayesində innovativ həll hazırlayanları bir araya gətirib. Müzakirədə Özbəkistan, Qazaxıstan, Rusiya və Ukraynanın tanınmış onlayn platformalarının təsisçiləri iştirak ediblər.

Televiziya seriallarının və film istehsalının telekanalların reytinqinə təsiri, istehlak nümunələri, məzmun istehsalı və mühafizəsi, mövcud bazar vəziyyəti üzrə müzakirələr aparılıb. Audiovizual məzmunun (filmlər, seriallar, animasiya) beynəlxalq bazarlara çıxarılması, həmçinin yerli TV, VOD platformaları üçün xarici məzmunun dublyajı, milli VOD platformalarında televiziya baxışını təşviq etmək (abunəlikləri artırmaq) üçün dublyaj sənayesinin inkişafı, yeni tematik telekanalların yaradılması, uşaq və ailə kinosunun gələcəyi, sənədli film istehsalı və yayımı, 2025-ci ildə interaktiv reklam bazarı, bazarın transformasiyası, yeni platformalar, texnologiyalar və alətlər, milli telekommunikasiya və media kommunikasiya bazarının perspektivləri, rəqəmsal TV-nin texnoloji inkişafı strategiyaları, yeni media formatları və onların ənənəvi məzmunla inteqrasiyası və. s məsələlər ətrafında çıxışlar olub.

Bildirilib ki, onlayn platformalar yutub və ənənəvi televiziyadan daha öndədir və Azərbaycan tamaşaçısının da bu platformalara marağı artmaqdadır. Azərbaycanın serial və filmlərinin həmin platformalar vasitəsilə xarici bazarlara çıxarılması da müzakirə mövzularından olub.

Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan arasında birgə filmlərin çəkilməsi, Azərbaycan filmlərinin və seriallarının Qazaxıstan, Rusiya, Özbəkistan, Ukrayna, Bolqarıstan, Çexiya, Macarıstan və Rumuniyanın onlayn platformalarında nümayişi ilə bağlı fikir mübadiləsi edilib.