İyulun 15-də Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub. Konservasiya işləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları və italiyalı professor Luici Skrinzi tərəfindən “Miras” İctimai Birliyinin sifarişi əsasında həyata keçirilib.

Arxeologiya və Antropologiya İnstitutu İslam arxeologiyası şöbəsinin müdiri, Zərgərpalan hamamı ekspedisiyasının rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev bildirib ki, Bakı şəhəri zəngin tarixə malik olmaqla yanaşı, Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində yerləşən nadir şəhərsalma nümunələrindən biridir. Bakının İçərişəhərdən kənarda, Bayırşəhər kimi tanınan ərazisində XIX əsrin sonu - XX əsrin əvvəllərində formalaşmış məhəllələr – Çəmbərəkənd, Qaraşəhər, Zərgərpalan, Sovetski və s. – bu prosesin nəticəsidir. Bu məhəllələrin hər biri özünəməxsus yaşayış mədəniyyəti və arxitektura elementləri ilə fərqlənib. Zərgərpalan məhəlləsində yerləşən və 1899-cu ildə inşa edilmiş ictimai hamam binası bu baxımdan xüsusilə diqqətəlayiqdir.

2024-cü ildə Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə burada ilk dəfə arxeoloji tədqiqat aparılıb. Tədqiqatlar zamanı həm yazılı mənbələr, həm də yerli sakinlərin məlumatları əsas götürülüb, abidənin memarlıq, konstruksiya və maddi-mədəniyyət qatları sistemli şəkildə öyrənilib.

Arxiv sənədlərinə əsasən, Zərgərpalan hamamı 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunub. Sovet dövründə hamam sahibi repressiyaya məruz qalıb, bina isə təyinatını dəyişərək sex, daha sonra dəmirçi-misgər emalatxanası və nəhayət güzgü sexi kimi fəaliyyət göstərib. Bu mərhələlər abidənin daxili strukturlarına mühüm müdaxilələrə səbəb olub.

2001-ci ildə abidə dövlət qeydiyyatına alınsa da, uzun illər baxımsız vəziyyətdə qalıb və yalnız 2024-cü ildən etibarən “Miras” İctimai Birliyi tərəfindən tədqiq və konservasiya işləri həyata keçirilməyə başlanıb. Abidənin əsas strukturu giriş otağı, iki əsas zal və onlara bitişik otaqlardan ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi-mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkar edilib. Hamam binasının müxtəlif dövrlərdə funksional dəyişikliklərə uğraması şəhərin transformasiyasını anlamaq baxımından vacib mənbə kimi çıxış edir. Odur ki, gələcəkdə Bayırşəhər ərazisində planlaşdırılan istənilən abadlıq və tikinti işləri mütləq şəkildə arxeoloqların nəzarəti altında həyata keçirilməlidir. Zərgərpalan hamamı nümunəsində olduğu kimi, şəhər mədəniyyətinin görünməyən qatlarını ortaya çıxarmaq və onların qorunmasını təmin etmək dövlət və cəmiyyət üçün vacib vəzifələrdəndir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatları yüksək qiymətləndirib. O, AMEA-nın son illərdə həyata keçirdiyi əhəmiyyətli arxeoloji layihələrdən bəhs edərək, bu tədqiqatların ölkənin elmi və mədəni irsinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. Akademik bu abidənin gələcəkdə muzey-sərgi zalı kimi istifadəsinin zəruriliyini ön plana çəkib.

SEBA – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova çıxışında Arxeologiya və Antropologiya İnstitutunun Qədim Qəbələ şəhərində apardığı arxeoloji tədqiqatların nəticəsi olaraq abidənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsini yüksək qiymətləndirib və bu uğuru Azərbaycan arxeoloqlarının peşəkarlığının parlaq nümunəsi kimi dəyərləndirib. O, eyni zamanda, Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqat və konservasiya işlərini təqdir edib, bu işlərin ölkənin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Millət vəkili Vasif Qafarov, professor Hidayət Cəfərov, yerli sakin Fəxrəddin Əliyev, sahibkar Əli Əliyev və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatlara dair fikirlərini bölüşüblər.  

Zərgərpalan hamamının sahibi Əli Əliyev tarixi abidənin peşəkar şəkildə Azərbaycan mədəniyyətinə qaytarılmasına görə alimlərə minnətdarlığını bildirib.