24–29 iyul tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü qeyd olunur. XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilir. Festivalın təntənəli açılışı Üzeyir bəyin “Cəngi” əsəri ilə başlayacaq.

Bununla yanaşı, görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də festival çərçivəsində xüsusi konsert proqramları ilə qeyd ediləcək.

Altı gün ərzində Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.

Xatırladaq ki, 2009-cu ildə əsası qoyulan Qəbələ Beynəlxalq Musiqi Festivalı ötən müddətdə dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.

Festival 2009–2018-ci illərdə hər il keçirilib, 2019-cu ildən etibarən isə iki ildən bir təşkil edilir. 

 

2025-ci ildə festival bir ilkə də imza atıb və fevral ayında “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təqdimatı ilə də sənətsevərləri sevindirib. Ənənəyə uyğun həm də yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri də parlaq ifalarla yadda qalacağını vəd edir.

Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.