Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 25-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli müğənni, bəstəkar, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.

Orkestrə sənətkarın oğlu Murtuza Bülbül dirijorluq edib.

Cıdır düzündəki səhnədə ilk olaraq Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş olunub.

Sonra Polad Bülbüloğlu zəngin repertuarından seçmə mahnıları ifa edib.

Polad Bülbüloğlu ata yurdu Şuşada, “Xarıbülbül” festivalında növbəti dəfə səhnəyə çıxmaqdan duyduğu hissləri, təəssüratını da dilə gətirib: “Bildiyiniz kimi, işğal dövründə iki dəfə Şuşada olmuşam və bu mənim üçün çox çətin idi. Şəxsən atamın yurdunu, evini o vəziyyətdə görmək çox ağır olub. 30 il ərzində hər zaman deyirdim ki, böyük sənətkarlarımızın – xüsusən də Şuşadan çıxan sənətkarlarımızın ruhu narahat idi. Şükürlər olsun ki, artıq bütün bu çətinliklər geridə qaldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı və uzun ömür versin”.

Konsert proqramında daha sonra Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə muğam üçlüyü çıxış edib.