Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalında daha bir konsert proqramı təqdim edilib.
Mayın 25-də Cıdır düzündəki səhnədə Qarabağ Universiteti İncəsənət fakültəsinin müəllim və tələbələri çıxış ediblər. Proqramda Azərbaycan və xarici ölkə bəstəkarların əsərləri yer alıb.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında işğaldan azad olunmuş torpaqlarda Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış ilk ali təhsil müəssisəsi olaraq itetinin bu festivalda ilk dəfə iştirak etməyin qürurverici olduğunu vurğulayıb.
Universitetin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Gülşən Qasımzadə qeyd edib ki, gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və Qarabağın mədəni dirçəlişində fəal rol oynaması bu təhsil ocağının əsas məqsədlərindən biridir.
Universitetin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəsli isə cəmi bir ildir fəaliyyət göstərən təhsil ocağının belə möhtəşəm sənət hesabatı ilə “Xarıbülbül” festivalında çıxış etdiyini diqqətə çatdırıb: "Festivalın proqramında yer almaq tariximizin önəmli bir hissəsinə çevrilmək demək idi. Mükəmməl inzibati və pedaqoji heyət, eləcə də tələbə komandası ilə bir ailə kimi ilk addımlarımızı atmış, növbəti böyük hədəflərə doğru istiqamətlənmişik".