
Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun (1920–1981) 105 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.
BMM-dən verilən məlumata görə, konsert proqramında Xalq artistləri Malik Mansurov, Elçin Haşımov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Qoçaq Əsgərov, Vüsal İsgəndərzadə, Şəhriyar İmanov, həmçinin beynəlxalq və respublika müsabiqə laureatları çıxış edəcəklər.
Hacı Məmmədov milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən biri olub. Qurban Pirimov, Bəhram Mansurov kimi ustad tarzənlərdən dərs alan, sənətin incəliklərinə dərindən yiyələnən Hacı Məmmədovun özünün ifaçılığı da ayrıca bir məktəbdir. O, tarda bir çox görkəmli xanəndələri müşayiət edib. Sənətkarın zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb.