Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Yaqub Məmmədovun (1930-2002) 95 illiyinə həsr olunan xatirə gecəsi keçirilib.

BMM-in “Unudulmayanlar” layihəsi çərçivəsində təşkil edilən gecə sənətkarın “Qızıl fond”da qorunan ifasının videogörüntüsü ilə başlayıb.

Əməkdar mədəniyyət işçisi, yazıçı Mustafa Çəmənlinin aparıcılığı ilə baş tutan gecədə Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev və yazıçı-şair Seyran Səxavət çıxış edərək Yaqub Məmmədov həyat yolundan, sənətinin özünəməxsusluğundan danışıb, sənətkarla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, ustad xanəndə Seyid Şuşinskidən muğam dərsləri alan Yaqub Məmmədov adını ifaçılıq sənətinə əbədi həkk etdirib.

Gecədə Əməkdar artistlər Sevinc Sarıyeva, Təyyar Bayramov, İlkin Əhmədov, xanəndələr Mirələm Mirələmov, Nisbət Sədrayeva, Murad Laçın və Xətai Hacıyev görkəmli sənətkarın repertuarından muğam və təsnifləri ifa ediblər. Xanəndələri tarzən Rüstəm Müslümovun rəhbərliyi ilə BMM-in solistlərindən ibarət instrumental heyət müşayiət edib.

Xatirə tədbiri Yaqub Məmmədovun ifasında "Qarabağ şikəstəsi"nin səsləndirilməsi ilə başa çatıb.