ABŞ-nin Arlinqton şəhərindəki Texas Universitetində azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin solo konserti və ustad dərsi olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-Amerika Musiqi Fondunun dəstəyi ilə keçirilən konsertdə Firəngiz Əlizadə, Rəhilə Həsənova, Türkər Qasımzadə, Ayaz Qəmbərli, Arnold Şönberq, Corc Kramb və Çaya Çernovinin əsərləri ifa edilib.
Bununla yanaşı, universitetin tələbələri üçün ustad dərsləri də keçirilib. Fidan Ağayeva-Edler zəngin təcrübəsi, bilik və bacarıqlarını tələbələrlə bölüşüb. Bu dərslər gənclərin müasir fortepiano ifaçılığına dair dərin biliklər qazanmasına imkan yaradıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniyada yaşayan pianoçu Fidan Ağayeva-Edlerin konsertləri musiqisevərlərin rəğbəti ilə qarşılanır. O, Berlinin müasir musiqi həyatında aktiv fəaliyyət göstərməklə yanaşı, bəstəkarlarla da sıx əməkdaşlıq edir.